...

Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin təqdimatı keçirilib

Cəmiyyət Materials 4 Aprel 2013 11:32 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin təqdimatı keçirilib.
Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, komissiyanın sədr müavini Vəfadar Misirov təqdimata həsr olunmuş dəyirmi masada bildirib ki, məcəllənin hazırlanmasında məqsəd dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsidir.

Onun sözlərinə görə, məcəllənin ilkin layihəsi komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) həyata keçirdiyi birgə layihə çərçivəsində hazırlanıb.

Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 7.1-ci bəndində tapşırılıb.

Misirovun sözlərinə görə, Azərbaycanda dövlət qulluğu qanunvericiliyi 12 qanun, 50-yə yaxın fərman və Nazirlər Kabinetinin 8 qərarı ilə tənzimlənir. Bu qanunlardan istifadənin səmərəliliyini artırmaq və tətbiqini asanlaşdırmaq üçün məcəllənin yaradılması vacibdir.

Komissiyanın sədr müavini, həmçinin dövlət qulluğu qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisə ünvanlanan təkliflərdən danışıb. O deyib ki, son illərdə komissiyanın təklifi ilə dövlət qulluğuna test imtahanları balları aşağı salınıb, dövlət qulluğu təsnifatlarının sayı azaldılıb, dövlət orqanlarının kateqoriyalarının yerləri və sayı dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti