...

Azərbaycanda müəllim işləmək istəyənlər üçün internatura sisteminin tətbiqi ilə əlaqədar araşdırmalar aparılır

Cəmiyyət Materials 3 May 2013 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu Azərbaycanda ali məktəblərin pedaqoji ixtisaslarını bitirən şəxslər üçün internatura sisteminin tətbiqi ilə əlaqədar tədqiqatlar aparır.

Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov Trend-ə bildirib ki, tədqiqatların nəticəsi bu ilin sonunda elan ediləcək.

İnstitut direktorunun sözlərinə görə, inkişaf etmiş xarici ölkələrdə pedaqoji təhsili olan insanlar müəllimlik fəaliyyətinə başlaması üçün internaturadan keçməli, yəni müəllim fəalliyyətinə başlamaq üçün lisenziya almalıdırlar. Azərbaycanda da ali və orta ixtisas məktəblərinin pedaqoji ixtisaslarını bitirən şəxslər birbaşa orta məktəblərdə müəllim işləyə bilməzlər. Həmin şəxslər müəllimlik fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi proqramlar əsasında 10 ay-1 il müddətində təcrübə, yəni internatura keçməlidirlər. İnternaturadan keçmiş şəxslərə sertifikat, başqa sözlə, lisenziya verilir.

İnstitut direktoru hesab edir ki, bu lisenziyanın müddəti 5 il ola bilər. Beş ildən sonra həmin şəxs təkrarən həmin kursu keçməli və yenidən lisenziya almalıdır. İnternaturanın müddəti dövlət tərəfindən müəyyənləşdirilir.

Xarici ölkələrdə internaturanın 2 il ərzində tətbiq edildiyini deyən Mehrabovun sözlərinə görə, Azərbaycanda 1 il müddətinə internaturanın keçilməsi daha məqsədəuyğundur. Müəllim işləmək istəyənlər internaturadan magistratura səviyyəsini bitirdikdən sonra da keçə bilərlər.

İnstitut direktorunun sözlərinə görə, hazırda internaturanın tətbiqi məqsədilə hüquqi əsasın yaradılması üçün hazırlıq işləri aparılır.

O bildirib ki, məsələ ilə bağlı dövlət səviyyəsində qanunun qəbulu üçün dövlət qarşısında internaturanın tətbiqi məsələsi qaldırılmalıdır.

"Bizim apardığımız tədqiqatın nəticəsi Təhsil Nazirliyinə təklif şəklində verilir. Ola bilər ki, bizim tədqiqatın son nəticəsi əsasında nazirlik hökumət qarşısında məsələ qaldırsın", - Mehrabov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti