...

Əlillərin iştirakı ilə ədəbi-bədii və musiqili tədbir keçirilir (FOTO)

Cəmiyyət Materials 3 May 2013 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 3-də R.Behbudov adına Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili tədbir öz işinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək tədbirdə Əlillərin Ümumrespublika Yaradıcılıq Baxış-Müsabiqələrinin qalibləri olmuş istedadlı əlillər tanınmış sənətçilərlə birgə vokal, instrumental ifaçılıq və poeziya nominasiyaları üzrə ifalarını təqdim edirlər. Bununla yanaşı, respublikanın müxtəlif bölgələrində yaşayan 15 nəfər istedadlı əlilin, o cümlədən 2 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın ümummilli lider Heydər Əliyevə, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevaya, dövlətimizin rəmzlərinə və digər mövzulara həsr etdikləri 40-dək sənət əsəri nümayiş etdirilir.

Tədbirin açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əlillərin hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində ümummilli lider Heydər Əliyevin göstərmiş olduğu xidmətlərdən söz açıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə tədbirlərin ilbəil geniş vüsətlə davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına yeni mənzillə, 3500-dən çox əlil minik avtomobili, yüzlərlə əlil müxtəlif reabilitasiya avadanlıqları ilə təmin edilib. Son illərdə müxtəlif bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb və hər il 8 mindən çox əlilə bərpa-müalicə xidməti göstərilir. Təkcə ötən il ərzində 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin istirahət zonalarında istirahəti, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar verilməsi təmin olunub.

Artıq Bakı şəhərində Gözdən Əlillər üçün Tədris Bərpa Mərkəzi inşa olunur və yaxın vaxtlarda ölkədə Çernobıl Əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin də yaradılması nəzərdə tutulur. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə artıq 2007-ci ildən xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil olunur və son 5 ildə 268 nəfər əlil həmin kurslara cəlb edilib. Bu müddətdə keçirilən respublika səviyyəli sərgi və baxış müsabiqələrində 4200 nəfərdən artıq əlil şəxs iştirak edib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi tədbirlər planı çərçivəsində keçirilən tədbirin sonunda istedadlı əlillərə fəxri fərmanların verilməsi nəzərdə tutulur. Tədbirdə iştirak etmək üçün respublikanın regionlarından dəvət olunmuş əlillər dövlət hesabına mehmanxana və digər zəruri xidmətlərlə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti