...

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar üçün xoş xəbər

Cəmiyyət Materials 14 May 2013 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Milli Məclis sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane olmaması üçün yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

Trend-in məlumatına görə, parlamentin çərşənbə axşamı keçirilən iclasında İqtidadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsini təqdim edib.

O qeyd edib ki, qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq, yoxlamaların aparılması tezliyi müəyyən edilir.

Qanun layihəsinə əsasən, yoxlamalar yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Yoxlamaların elektron uçotu aparılmalıdır.

Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanun layihəsinə görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə biləcək. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər.

Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəalarının sahibkarın xeyrinə şərh edilməsi tələbi qanun layihəsinin özəlliklərindən biridir. Qanun layihəsində sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır.

Bundan başqa, qanun layihəsində yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üçün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsuliyyəti məsələləri də öz əksini tapır. Belə ki, qanun layihəsində göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti