...

Azərbaycanda yeni qaydalarla verilmiş ünvanlar bu ilin sonundan etibarən qüvvəyə minəcək

Cəmiyyət Materials 14 May 2013 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

2013-cü il yanvarın 1-dən etibarən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikanın şəhər və rayonları üzrə yeni qaydalara uyğun şəkildə binaların girişlərinə ünvan verilməsi prinsipi əsasında ünvanların müəyyən edilməsi işlərinə başlanılmışdır. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir. Yeni qaydalar beynəlxalq təcrübəyə və Avropa şəhərlərində tətbiq edilən qaydalara uyğun hazırlanmışdır. Qeyd edilməlidir ki, Azərbaycanda tətbiq edilən bu yanaşma MDB regionunda ünvanla bağlı müasir tələblərə uyğun tətbiq edilən ilk təcrübədir.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni qaydalarla tətbiq edilən ünvan sistemi üç ardıcıl mərhələ üzrə həyata keçirilir. İlkin mərhələdə Əmlak Məsələləri Dövlət Komitəsi Norvec Kadastr Təşkilatının maliyyə dəstəyi ilə beynəlxalq məsləhətçilər və Koreyalı mütəxəssislərin köməkliyi ilə Azərbaycan Ünvan Reyestrinin İnformasiya Sistemini hazırlamışdır. İkinci mərhələ yeni qaydalara əsasən ünvanların verilməsi və hazırda mövcud ünvanların yeni qaydalara uyğunlaşdırılmasıdır. Sonuncu mərhələ isə müasir dizaynlı ünvan lövhələrinin istehsalı və binalarda quraşdırılmasından ibarətdir.

Yeni ünvan sistemi ölkə üzrə ünvan məlumatlarının etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malikdir. Bununla əlaqədar ölkədə mövcud olan ünvan məlumatlarının vəziyyəti və problemlər hərtərəfli təhlil edilmişdir. Sistem həm də məkan məlumatları ilə, yəni daşınmaz əmlakların coğrafi məlumatları və dəqiq koordinatları ilə bağlanmaqla fəaliyyət göstərəcək.

Komitə tərəfindən müasir dizaynlı yeni ünvan lövhələrinin istehsalına və quraşdırılmasına başlanılmışdır. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cənubi Koreyanın müvafiq şirkətini cəlb etməklə ünvan lövhələrinin dizaynı hazırlanmışdır. Artıq Koreyada istehsal olunmuş lövhələrin ilkin partiyası ölkəyə gətirilmişdir. Paralel olaraq, ünvan lövhələrinin Azərbaycanda istehsalının təşkili məqsədi ilə Cənubi Koreya şirkəti ilə komitə arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, yerli istehsal zavodunun qurulmasına dair texniki spesifikasiyalar, hüquqi və maliyyə məsələləri müzakirə edilir.

Qeyd edilməlidir ki, Bakı şəhəri üzrə 1500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması ilin sonunadək başa çatdırılacaqdır. Yaxın zamanlarda bu lövhələrin Gəncə və Sumqayıt şəhərlərində vurulması işlərinə başlanacaq. Respublikanın digər şəhər və rayonlarında bu işlərin həyata keçirilməsi məqsədi ilə hazırlıq işləri aparılır.

Binalara yeni və dəqiq ünvanların verilməsi, vahid ünvan reyestrinin aparılması, küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələrin vurulması dövlət tərəfindən həyata keçirilən sosial əhəmiyyətli layihədir. Bu layihənin nəticələri vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək imkanı yaradacaqdır. Həm də şəhərlərdə ünvanların tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisi problemi aradan qalxacaqdır.

Vətəndaşların və təşkilatların diqqətinə çatdırılmalıdır ki, yeni qaydalara uyğun ünvanvermə işləri küçə və prospektlərdə mərhələlərlə başa çatdırıldıqdan və yeni məlumatlar Ünvan Reyestrinin İnformasiya Sisteminə daxil edildikdən sonra qüvvəyə minəcəkdir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanlarına, mülkiyyətçilərə və ünvan istifadəçilərinə müvafiq qaydada məlumatlar çatdırılacaqdır.

İlkin mərhələdə əhatə olunan ərazilər üzrə nəzərdə tutulan tədbirlərin və məlumatların verilməsinin 2013-cü ilin sonunadək başa çatdırılması planlaşdırılmışdır. Həmin müddətədək vətəndaşlar, qurumlar, bələdiyyələr yeni ünvanlardan deyil, hazırda mövcud olan ünvan məlumatlarından istifadə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti