Azərbaycan, Bakı, 15 may /Trend/
Avtomobil həyat itkilərinə səbəb olan yüksək təhlükə mənbəyinə çevrilib. Yol-nəqliyyat hadisələrinin statistikasına əsasən, 2013-cü il yanvarın 1-dən indiyə kimi 900-dən çox YNH baş verib. Bu hadisələr nəticəsində 339 nəfər ölüb. 983 nəfər isə bədən xəsarəti alıb. Ölənlərdən 23 nəfər uşaqdır. Hər bir quru rəqəmin arxasında kiminsə qəflətən yarımçıq qalmış taleyi və alt-üst olmuş həyatı dayanır.
Bəs bütün bunların səbəbi nədir? Çünki, bəzi sürücülər elementar yol-hərəkəti qaydalarına riayət etməyin nə qədər vacib olduğunu unudurlar. Ölümlə nəticələnən hadisələrin böyük hissəsinin qarşısını sadəcə təhlükəsizlik kəmərini taxmaqla almaq olardı. Təhlükəsizlik kəmərlərinin insan həyatını necə xilas etdiyini sürücülərimizin çoxu başa düşmək istəmir. Belə ki, təhlükəsizlik kəməri yol-nəqliyyat hadisələri zamanı sürücü və sərnişinlərin fərdi müdafiəsini təmin edən ən sadə, ucuz və səmərəli vasitədir.
Təhlükəsizlik kəmərlərin istifadəsi avtomobilin passiv təhlükəsizliyinin vacib elementi olub yol-nəqliyyat hadisələrinin nəticələrinin qarşısının alınmasına və yaxud azaldılmasına,əsasən də xəsarətlərin ağırlıq dərəcəsinin minimuma endirilməsinə kömək edir.
Araşdırmalar göstərir ki, təhlükəsizlik kəmərindən istifadə 100 hadisədən 75-də ölümün qarşısını alır. Lakin çox təəssüf ki, hələ də respublikamızdakı sürücülərə təhlükəsizlik kəmərindən istifadənin nə qədər vacib olduğunu inandırmaq böyük problemdir, belə ki, onların çoxu bunu əhəmiyyətsiz sayırlar.
Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə 2020-ci ildə insanların ölüm səbəbləri siyahısında yol-nəqliyyat hadisələri zamanı alınmış xəsarətlər, ürək-damar və psixonevroloji xəstəliklərdən sonra üçüncü yeri tutacaq. Bu narahatçılığa ciddi səbəbdir.
"A-Qroup" sığorta şirkəti bu məsələyə laqeyd qala bilmədi. 2013-cü ilin aprel ayından "A-Qroup" sığorta şirkəti hərəkətin təhlükəsizliyinin sürücülər tərəfindən ciddi qəbul edilməsi istiqamətində aksiyaya başlamışdır. Artıq ilk addımlar atılmışdır: yollarda təhlükəsizlik kəmərlərindən istifadə etməyə çağıran yol nişanları və lövhələr quraşdırılıb.
Təhlükəsizlik kəmərlərini taxmağı unutmayın! Çünki təkcə özünüzün yox, yaxınlarınızın da həyatı Sizin əlinizdədir!