...

Ankarada Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 16 May 2013 12:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 15 may tarixində Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev Məktəbində geniş tərkibli tədbir həyata keçirilib.
Ankarada Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 15 may tarixində Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev Məktəbində geniş tərkibli tədbir həyata keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfir Faiq Bağırov, səfirliyin əməkdaşları, Türkiyə Respublikası təhsil nazirinin müavini Salih Çelik və nazirliyin yüksək vəzifəli şəxsləri, Yenimahalle rayonunun bələdiyyə başçısı Fethi Yaşar, Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, eləcə də onların ailələri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir ulu öndər Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və daha sonra hər iki ölkənin himnlərinin oxunması ilə başlayıb.

Türkiyənin təhsil nazirinin müavini Salih Çelik öz çıxışında Heydər Əliyevin əvəzedilməz dahi şəxsiyyətindən və iki ölkə arasında münasibətlərin güclənməsindəki əhəmiyyətli rolundan, eləcə də ulu öndərin təhsilə verdiyi dəyərdən söz açıb.

Səfir Faiq Bağırov isə Heydər Əliyev məktəbinin şagirdlərinin belə möhtəşəm bir məktəbin tələbələri olmaları ilə böyük məsuliyyət daşıdıqlarını vurğulayıb, Azərbaycan və Türkiyə əlaqələrinin gələcəyi baxımından hər bir şagirdin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

O, ümummilli liderin anadan olmasının 90 illiyi münasibəti ilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm və inşa müsabiqəsinin qalibi olan şagirdlərə hədiyyələr təqdim edib.

Daha sonra Heydər Əliyev Məktəbinin şagirdləri şeirlər səsləndirib və müxtəlif rəqslər nümayiş etdiriblər. Səfir Faiq Bağırov və Türkiyənin təhsil nazirinin müavini Salih Çelik məktəbdə təşkil edilmiş sərgidə şagirdlərin əl işləri və rəsm əsərləri ilə tanış olubar.

Şən və gözəl şəraitdə keçən tədbirin sonunda Heydər Əliyev Məktəbi və Heydər Əliyev Parkını Azərbaycan hökuməti tərəfindən əsaslı şəkildə təmir edərək müasir hala gətirildiyinə görə səfir Faiq Bağırova Yenimahalle sakinləri adından təşəkkür edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti