...

“Təmiz Şəhər” ASC beynəlxalq konfransda iştirak edib

Cəmiyyət Materials 30 May 2013 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend/

Mayın 28-29-da Moskva şəhərində "Tullantıların idarəolunması sistemləri və texniki həll yolları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Dünyanın bir çox ölkəsindən tullantıların idarəolunması sahəsində ixtisaslaşmış mütəxəssislər və təhsil, tədqiqat müəssisələrindən olan peşəkarlar, bələdiyyə və hökumət qurumlarının nümayəndələri, texnologiya və avadanlıq istehsalçılarının iştirak etdiyi konfransda "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti təqdimatçı qismində çıxış etmişdir. Bu barədə Trend-ə cümə axşamı ASC-dən daxil olan məlumatda deyilir.

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov konfransda "Balaxanı Sənaye Parkı - tullantıların azaldılması və resursların artırılması" mövzusunda təqdimatla çıxış etmişdir. Zakir İbrahimov son illər ölkəmizdə "yaşıl iqtisadiyyat" xüsusilə, təkrar emal sənayesinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr sırasında Balaxanı Sənaye Parkının ən böyük addım olduğunu bildirmiş və təkrar emal sənayesinin dəstəklənməsi, ətraf mühitə təsirlərin azaldılması və təbii resurslardan qənaətlə istifadə edilməsində böyük irəliləyişə səbəb olacağı vurğulamışdır. Qeyd olunmuşdur ki, bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq, ölkədə xammal idxalından asılılıq azalacaqdır.

Azərbaycan hökumətinin "yaşıl biznes"i, o cümlədən təkrar emal sənayesini dəstəkləməsi bu sahələrin surətlə inkişafına gətirib çıxaracaqdır ki, bu da ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı ilə yanaşı, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq.
Bununla yanaşı, Azərbaycanda "yaşıl biznes"in inkişaf etdirməyin üstünlükləri, investisiya güzəştləri, hədəf sənayeləri, infrastruktur, eləcədə nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verilmiş və Balaxanı Sənaye Parkının coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırmağa imkan verdiyi vurğulanmışdır. Həmçinin, potensial investorların Parkın rəsmi internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsi ilə müraciət edə biləcəkləri qeyd olunmuşdur.

Təkrar emal müəssisələrini özündə birləşdirən və regionda ilk bu cür sənaye parkı olan Balaxanı Sənaye Parkının təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti