...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Venesiya şəhərində sərginin açılışında iştirak edib (FOTO)

Cəmiyyət Materials 31 May 2013 08:45 (UTC +04:00)
Mayın 30-da İtaliyada Venesiya şəhərində 55-ci Beynəlxalq Venesiya Biennalesi çərçivəsində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərgi açılmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Venesiya şəhərində sərginin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend /

Mayın 30-da İtaliyada Venesiya şəhərində 55-ci Beynəlxalq Venesiya Biennalesi çərçivəsində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərgi açılmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir, AzərTAc məlumat verir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilmişdir ki, Azərbaycan, o cümlədən Türkiyə, Rusiya, İran və Gürcüstandan 17 rəssamın müasir təsviri incəsənətə dair əsərlərinin nümayiş olunduğu sərgi "Love me love me not" adlanır.

Aida Mahmudovanın rəhbəri olduğu "YARAT" Müasir İncəsənət Məkanının təşkil etdiyi sərgi noyabrın 24-dək fəaliyyət göstərəcəkdir. Sərginin kuratoru əsasən Yaxın Şərq, İran və Qafqazda müasir incəsənət sahəsində ixtisaslaşan, əvvəllər "Kristi" hərracında mütəxəssis kimi çalışan Dina Naser Xadividir.

Sərginin özəlliyini təşkil edən əsas cəhət buradakı əsərlərin hər bir xalqın dinamikasını yaxından duymağa, unudulmuş, yaxud naməlum tarixin gizli tərəflərini açmağa və həmin ölkələrdə olan baxış tərzini göstərməyə imkan verməsidir.

Sərgidə geniş çeşiddə, media və əşya xarakterli materiallar, həmçinin videoinstallyasiyalar və rəsm əsərləri nümayiş olunur. Kompozisiyalarda şəxsi təcrübədən təsirlənmiş tarixi mövzular, müasir həyatın tərəfləri də ustalıqla əks olunmuşdur.

Azərbaycan rəssamı Sitarə İbrahimovanın Qarabağ müharibəsinə həsr etdiyi "Hədd" adlı ekspoziyası sərgiyə gələnlərdə xüsusi maraq doğurur. Bu ekspozisiyanın əsasını müharibə dövründə Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən çəkilən fotolar təşkil edir. Həmin fotolarda müharibədə itkin düşən şəxslərin əşyaları, hazırda Ağdamda və cəbhə xəttində yaşayan insanların həyatı əks olunur.

Digər işlərdə, videoinstallyasiyalarda rəssamlar öz hisslərini, dünyaya baxışlarını maraqlı tərzdə təqdim edirlər. Əsərlərin müəllifləri rənglərdən və rəssamlıq texnikasından səmərəli istifadə edərək təsviri məlumatları, incəsənət tarixi haqqında biliklərini əks etdirməyə çalışmışlar. Onlar, həmçinin müasir incəsənətin müxtəlif formaları ilə insan təbiətinə məxsus hərəkət detallarını və abstraksiyanı təsvir etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti