...

DİN Baş Prokurorluqla birgə Türkiyə vətəndaşının qətli ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 7 İyun 2013 17:21 (UTC +04:00)
Daxili işlər Nazirliyi Respublika Baş Prokurorluğu ilə birgə Türkiyə vətəndaşının qətli ilə bağlı məlumat yayıb.
DİN Baş Prokurorluqla birgə Türkiyə vətəndaşının qətli ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Daxili işlər Nazirliyi Respublika Baş Prokurorluğu ilə birgə Türkiyə vətəndaşının qətli ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə vətəndaşı Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub. Respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.

Məlumatda bildirilir ki, iyunun 5-də saat 19:00 radələrində paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə Respublikasının vətəndaşı Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.

Dərhal prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz tədbirlərlə qətlin Bakı şəhər sakini Rasim Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunub.

İlkin istintaqla müəyyən edilib ki, Rasim Məmmədov Mehmet Alimi şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun ofisində bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti