...

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahan keçirilib

Cəmiyyət Materials 10 İyun 2013 10:42 (UTC +04:00)
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən növbəti test imtahanının yekun nəticələri üzrə 95 namizəd müvəffəqiyyət qazanıb.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahan keçirilib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən növbəti test imtahanının yekun nəticələri üzrə 95 namizəd müvəffəqiyyət qazanıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mütəşəkkil qaydada davam etdirilən açıq müsabiqələr çərçivəsində iyunun 9-da 415 namizədin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Namizədlərin çoxluğu ilə fərqlənən ixtisas imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilmiş və imtahanı yerli və beynəlxalq müşahidəçilər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləyiblər.

Şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesi internetdə online rejimində birbaşa yayımlanıb.

İmtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub. Yekun nəticələr üzrə 95 namizəd müvəffəqiyyət qazanıb.

Müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə onlar üçün Ədliyyə Akademiyasında hazırlıq kursu təşkil olunub.

Test imtahanında müvəffəqiyyət qazanmış namizədlər söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 09-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilib.

Ədliyyə orqanlarına qulluğa qəbul üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti