Azərbaycan, Bakı, 11 iyun /Trend/
Şəkidə içməli su problemi yaranıb.
Trend Kanal S-ə istinadən məlumat verir ki, Şəkidə yağan aramsız leysan yağışlarından sonra rayonun bir sıra hissələrinə suyun verilməsində fasilələr yaranıb. Belə ki, şəhərin bir sıra ərazilərində suyun verilişində problemlər yaranıb. Belə ərazilər sırasına Sabit Rəhman küçəsi, Məmməd Əmin Rəsulzadə prospektində yerləşən, eləcə də Qoxmuq kəndinin STK yaşayış binaları, "Dağ dibi" adlanan ərazi, 21-ci rayon və Şəhriyar küçəsində yerləşən evlər daxildir.
Sakinlərin sözlərinə görə, ara-sıra su verilsə də, həddən artıq bulanıq olması səbəbindən sudan istifadə etmək qeyri-mümkündür.
"Şəki Sukanal" TASC-dən verilən məlumata görə, şəhərdə su qıtlığının yaranmasına səbəb əhalinin içməli su təminatında əhəmiyyətli rol oynayan Kiş çayında suyun bulanıqlıq səviyyəsinin artması olub. Hazırda şəhərin bəzi hissələrinə suyun verilişi qismən bərpa olunsa da, vəziyyət tam olaraq düzəlməyib.
İdarədən həmçinin bildirilib ki, şəhərdə yeni su-kanalizasiya şəbəkəsi qurulduqdan sonra əhali içməli su problemi yaşamayacaq. Layihə çərçivəsində hazırda şəhərin 1-ci rayonunda yerləşən 1200 kubluk hovuzlarda təmir-bərpa işləri aparılır.
Qeyd edək ki, qarşıdakı iki gün ərzində Şəki şəhərinin bəzi ərazilərində su ilə bağlı problemlər yaşanacağı bildirilir.