Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/
Bu ilin may ayında Azərbaycanın yollarında 244 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 104 nəfər ölüb, 264 nəfər yaralanıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, ümumilikdə 2013-cü ilin ilk 5 ayı ərzində respublikada 1148 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 443 nəfər ölüb, 1247 nəfər isə yaralanıb.
Əliyev qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 10%, ölənlərin sayı 41%, yaralananların sayı isə 9% artıb.
BDYPİ sözçüsü bununla əlaqədar olaraq sürücüləri və piyadaları yollarda maksimum ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.