Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/
Gənclər Fondunun dəstəyi ilə "Açıq rəf" layihəsinin təqdimatı keçirilib.
Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Tələbələr Şəbəkəsi (Azerbaijan Student Network) və Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) Bakı nümayəndəliyi tərəfindən Azərbaycanda kitab təbliğini aparmaq, bilik mənbəyi olan kitabları qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə "Açıq rəf" layihəsi həyata keçirlir.
Layihənin əsas məqsədi gənclərin diqqətini ədəbiyyata cəlb etmək, yeni nəsildə kitab oxumağa həvəsi artırmaq, eləcə də ölkədə yaşayan xarici vətəndaşları Azərbaycan haqqında kitab vasitəsilə məlumatlandırmaqdır. "Açıq rəf"in prinsipinə görə, oxucular buradan əldə etdikləri kitabları ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidirlər.
Bu gün ilk "Açıq rəf"in açılış mərasimi keçirilib. İlk "Açıq rəf" İçərişəhərdə (Arxeologiya bağı, Əzim Əzimzadənin heykəlinin yanı) yerləşdirilib.
Açılış zamanı Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev layihə haqqında ətraflı məlumat verib. O, ilk "Açıq rəf"i məhz 15 İyun - Milli Qurtuluş günü ərəfəsində təqdim edərək ulu öndər Heydər Əliyevin daima gənclərin maariflənməsində və inkişafında əvəzsiz xidmətlərini bir daha vurğulayıb.
Tədbirdə çıxış edən natiqlər "Açıq rəf"in açılışı münasibəti ilə gəncləri təbrik ediblər.