...

Azərbaycan yol polisi avtomobillərin elektrik sisteminə müdaxilə edən sürücülərə xəbərdarlıq etdi

Cəmiyyət Materials 27 İyun 2013 11:54 (UTC +04:00)
Avtomobillərdə qəfil alışma hallarının artmasına əsas səbəb avtomobillərin elektrik sisteminə olan kənar müdaxilələrdir.
Azərbaycan yol polisi avtomobillərin elektrik sisteminə müdaxilə edən sürücülərə xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

Avtomobillərdə qəfil alışma hallarının artmasına əsas səbəb avtomobillərin elektrik sisteminə olan kənar müdaxilələrdir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib.

Şöbə rəsinin sözlərinə görə, bəzi avtomobil sahibləri və sürücülər nəqliyyat vasitələrinə siqnal, monitor və digər texniki vasitələr quraşdırarkən bunu qeyri-peşəkar ustalara həvalə edirlər ki, bu da sonda xoşagəlməz hallarla, avtomobillərin alışaraq yanması ilə nəticələnir:

"Avtomobilin elektrik sisteminə qoşulan əlavə avadanlıqlar düzgün quraşdırılmadıqda qısa qapanma baş verir. Sürücülər və avtomobil sahibləri nəqliyyat vasitəsinin konstruksiyasında qanunla qadağan olunmuş avadanlıqlar, əhalinin dincliyini pozan səs siqnallarını ümumiyyətlə quraşdırmamalıdırlar. Nəqliyyat vasitəsində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı texniki qurğu, məsələn, televizor, monitor, radioqəbuledici, maqnitofon quraşdırılırsa, belə avadanlıqların quraşdırılması mütləq ixtisaslaşmış xüsusi təmir stansiyalarında həyata keçirilməlidir ki, ona zəmanət verilsin."

Əliyev qeyd edib ki, sürücülər və avtomobil sahibləri unutmamalıdırlar ki, nəqliyyat vasitəsinə qanunsuz qurğuların quraşdırıldığı aşkar edilərsə, onlar inzibati məsuliyyətə cəlb olunacaqlar:

"Avtomobilə məsələn antiradar, çoxavazlı səs siqnalı, sayrışan işıqlar və sair qanunla icazə verilməyən avadanlıqların quraşdırılması aşkar edilərsə, o qurğu, yəni inzibati xətanın bilavasitə predmeti olan alət məhkəmə tərəfindən müsadirə olunur, sürücü özü isə 80 manatdan 100 manatadək cərimə olunur."

Qeyd edək ki, son dövrlər Azərbaycanda avtomobillərin alışma halları artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti