Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İsabalayeva/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 24-dən 26-dək bəzi yerlərdə şimal-qərb küləyinin saniyədə 15-20, arabir 23-27 metrədək güclənəcəyi, temperaturun Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 33-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 25-30, Abşeron yarımadasında 33-36, bəzi yerlərdə 38 dərəcəyədək yüksələcəyi gözlənilir.
İyulun 24-dən 26-ı gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metrədək, ayrı-ayrı yerlərdə isə arabir 23-27 metrədək güclənəcəyi gözlənilir.
İyulun 23-də Bakıda havanın temperaturu gündüz 33-35 dərəcə isti olacaq.
İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 23 metrədək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.
İyulun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 18-20 metrədək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.
İyulun 25-də axşam, 26-da gecə və axşam saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
İyulun 24-25-də Azərbaycanın rayonlarında havanın temperaturu gündüz 24-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Yaxın 3 gündə Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda, arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.