Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir A.Məmmədov/
Bu gün Bakı Apelyasiya Məhkəməsində çay evində qumarxana təşkil etməkdə ittiham olunan İlqar Dadaşov və Pərviz Mirzəzadənin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş apelyasiya protestinə baxılıb.
Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı verilmiş apelyasiya protesti üzrə qərar elan edilib.
Qərara görə, Baş Prokurorluğun protesti təmin edilib və Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Pərviz Mirzəzadə 1 il 2 ay, İlqar Dadaşov 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdilər.
Təqsirləndirilən şəxslər Bakının Ə.Naxçıvani küçəsində yerləşən "Prestij" çay evində qumarxana təşkil ediblər. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları ötən il fevralın 16-da faktı aşkar ediblər və təqsirləndirilən şəxslər barəsində cinayət işi başlanıb.