...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinə hökm oxunub

Cəmiyyət Materials 16 Avqust 2013 17:27 (UTC +04:00)
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin məhkəməsi başa çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinə hökm oxunub

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir A.Məmmədov/

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə mərkəzin direktoru Nazim Xəlilov 3 il, mərkəzin baş mühasibi Fuad Qarayev 3 il, mərkəzin əməkdaşları Nizami Xəmmədov 2 il, Nazim Qardaşxanov 2 il, Ramil Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Nazim Qardaşov, Oruc Tağıyev, Rahim Əliyev, Mehdi Əhmədov isə hər biri 4 il müddətinə şərti cəza alıblar.

İttihama görə, İmişli rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində fəaliyyət göstərən "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə aparılmış araşdırmalarla müəyyən edilib ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları sosial yardım alan şəxslərin bank kartlarını özlərində saxlayaraq şəxsən və digər şəxslər vasitəsilə aylıq ödənişlərin bankomatlardan çıxarılmasını təşkil edərək külli miqdarda özgə əmlakını mənimsəyiblər.

2011-ci ilin sentyabrından 2012-ci ilin may ayınadək olan dövr ərzində keçirilmiş əməliyyat tədbirləri ilə "KapitalBank"ın İmişli rayonunda quraşdırılmış bankomatların kamera görüntüləri əldə olunub.

Müəyyən edilib ki, 30-dan artıq şəxs, o cümlədən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları digər şəxslərə məxsus 3000-dən çox, bir sıra hallarda isə vəfat etmiş, yaxud ümumiyyətlə mövcud olmayan şəxslərin adlarına açılmış bank kartlarından istifadə etmiş və ayrılan külli miqdarda ünvanlı sosial yardım pullarını mənimsəyiblər.
Məhkəmənin müvafiq qərarı əsasında rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında, həmçinin mərkəzin əməkdaşlarının yaşayış evlərində axtarış tədbirləri keçirilərkən mərkəzin baş mühasibi Fuad Qarayev və digərlərindən rayon sakinlərinə məxsus, əksəriyyətinin üzərində məxfi kod nişanları qeyd olunmuş 817 ədəd sosial yardım alınması üçün istifadə olunan bank kartları aşkar edilərək götürülüb.

Fakta görə dələduzluq və vəzifədən sui-istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə mərkəzin direktoru Nazim Xəlilov, mərkəzin baş mühasibi Fuad Qarayev, mərkəzin əməkdaşları Nizami Xəmmədov, Nazim Qardaşxanov, Oruc Tağıyev, Rahim Əliyev, Mehdi Əhmədov və rayon sakini Ramil Əliyev həbs olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti