...

Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının konfransı və Baş Assambleyası keçirilib

Cəmiyyət Materials 26 Sentyabr 2013 21:52 (UTC +04:00)
Sentyabrın 26-də Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Xəbər agentlikləri və lisenziyalaşdırma, piratçılıq və müəlliflik hüququ” mövzusunda konfransı və Baş Assambleyası keçirilmişdir.
Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının konfransı və Baş Assambleyası keçirilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Sentyabrın 26-də Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) "Xəbər agentlikləri və lisenziyalaşdırma, piratçılıq və müəlliflik hüququ" mövzusunda konfransı və Baş Assambleyası keçirilmişdir.

2008-ci ildən alyansın üzvü olan Azərbaycan Dövlət Teleqraf Agentliyini (AzərTAc) bu tədbirdə xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Nadir İsmayılov və ictimai-siyasi xəbərlər redaksiyasının müdiri Cavid Bədəlov təmsil etmişlər.

EANA-nın prezidenti, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru Peter Kropş konfransı açaraq tədbirin gündəliyini təqdim etmişdir.

Sonra "Associated Press" agentliyinin vitse-prezidenti Cim Kennedi, Belçikanın Məlumat Bazası və Lisenziyalaşdırma Şəbəkəsinin prezidenti Endryü Haqs, Londonda fəaliyyət göstərən "Linked Content Coalition and Rightscom" təşkilatının baş məsləhətçisi Qodfrey Rust, Avropa Komissiyasının Daxili Market və Xidmətlər Direktorluğunun direktoru xanım Kerstin Corna, Almaniyanın dpa agentliyinin vitse-prezidenti Matyas Mən, Çexiya Xəbər Agentliyinin baş direktoru Jiri Majstr, Böyük Britaniyanın "Press Association" agentliyinin baş icraçı direktoru Klayv Marşal məruzələrlə çıxış edərək dünyada müəllif hüquqlarının pozulması hallarına, piratçılığa qarşı mübarizə, təmsil etdikləri ölkələrdə bu sahədə qanunvericilik, müəlliflik hüququnun rəqəmli onlayn mühitdə qorunması, piratçılığın müasir problemləri və qarşılıqlı əməkdaşlıq əsasında onun azaldılması, lisenziyalaşdırma və əqli mülkiyyət hüququnun təminatı haqqında danışmışlar.

Daha sonra konfrans panel iclası və müzakirələrlə davam etmişdir.

Finlandiyanın "STT-Lehtikuva" agentliyinin baş icraçı direktoru Mika Petterssonun moderatorluğu ilə keçən panel iclasında İsveçin "Tidningarnas Telegrambyra" agentliyinin baş direktoru Jonas Eriksson, EANA-nın prezidenti, APA-nın baş icraçı direktoru Peter Kropş, dpa-nın vitse-pezidenti Matyas Mən çıxış etmişlər.

Çıxışlarda müəlliflik hüququnun qorunması və piratçılıq hallarının azaldılması ilə bağlı təbliğat xarakterli tədbirlərin keçirilməsinin, EANA-ya üzv agentliklərin bu məsələdə sıx əməkdaşlıq etməsinin zəruriliyi vurğulanmış, müvafiq ideya və təkliflər səslənmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti