Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/
Bu gün Şabran rayonunun Pirəmsən kəndi ərazisində inşa olunan Şahdağ Milli Parkının inzibati bina kompleksinə baxış keçirilib.
Trend-in məlumatına görə, baxışda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şahdağ Milli Parkının yaradılmasında məqsəd ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması, zənginləşdirilməsi, çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin və torpağın münbit qatının qorunub saxlanılmasıdır.
Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının yeni inzibati bina kompleksi inzibati binadan, Ekoturizm Mərkəzindən və Milli Parkın yerləşdiyi Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ rayonlarının müvafiq ərazilərində tikilmiş nəzarət-buraxılış məntəqələrindən ibarətdir.
Parkda turistlər üçün treninqlər keçirilir, onların xüsusi geyim və avadanlıqlarla təchizi, həmçinin atla və kvadrasikllarla gəzintisi təşkil olunur.
Tədbirin sonunda nazir H.Bağırov KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, Şahdağ Milli Parkının müasir standartlara cavab verən inzibati bina kompleksi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq "Dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində" büdcə vəsaiti hesabına reallaşıb.