...

Allahşükür Paşazadəyə “Krans Montana” Forumunun medalı təqdim edilib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2013 15:22 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəiə Belçikada keçirilən “Krans Montana” Forumunun medalı təqdim edilib. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Allahşükür Paşazadəyə “Krans Montana” Forumunun medalı təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə Belçikada keçirilən "Krans Montana" Forumunun medalı təqdim edilib. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Medalı təqdim edən şahzadə Jan de Lüksemburq Şeyx həzrətlərinin sülhyaratma sahəsindəki xidmətlərini xüsusi qeyd edib. Medala görə təşəkkürünü ifadə edən A. Paşazadə bunun bütün Qafqazın möminlərinin xidmətlərinə verilən qiymət kimi dəyərləndirib.

Forumun rəhbəri səfir Jan Pol Kalteron ilə təkbətək görüşdə Şeyx həzrətləri gələcəkdə Forumda mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

Şeyxülislam Allahşükür Paşazadə forumun XV sessiyasına "xüsusi qonaq" qismində iştirak edən yeganə dini lider idi.

Qeyd edək ki, "Krans Montana" Forumunun qızıl medalı ilə fəaliyyətləri ilə dünyada böyük nüfuz qazanmış və xüsusi xidmətlərə malik şəxslər təltif olunur.

Xatırladaq ki, forumun Belçikanın paytaxtı Brüssel şəhərində 16-19 oktyabr tarixində keçirilmiş XV beynəlxalq sessiyasının işində iştirak edən Şeyxülislam həzrətləri "Dinlərin sülh və strukturlaşdırmada rolunun inkişafı" mövzusunda YUNESKO və İSESKO-nun birgə həmsədrlik etdiyi sessiyanın işində "xüsusi qonaq" qismində Rəyasət Heyətində yer almışdı.

Sessiyanı açan İSESKO-nun Baş direktoru doktor Əbdüləziz ət-Tuveyjri ilk sözü Şeyxülislam A. Paşazadəyə verdi.

İştirakçılara Azərbaycan xalqının və Qafqaz müsəlmanlarının səmimi salamlarını və xoş arzularını çatdıran A. Paşazadə qeyd etdi ki, hansı millətə və dinə mənsubiyyətindən asılı olmayaraq hamımız bəşər övladıyıq, sülhə və rifaha nail olmaq ən ümdə vəzifələrimizdəndir. O, xüsusi olaraq dini liderlərin bu sahədə öz məsuliyyətlərini dərk etmələrinin zəruriliyini vurğuladı və iştirakçıların diqqətinə dini liderlərin ali hörməti və dövlət xadimləri ilə birgə əməkdaşlığının sayəsində həm öz ölkələrində, həm də bütün dünyanın problemlərinə çarə tapılmasının mümkünlüyünü çatdırdı.

A. Paşazadə qlobal təhlükələr fonunda dinlərarası dialoqun qaçılmaz olduğunu, Uca Yaradanın iradəsinin əksinə nə varsa, onu rədd etməyin, habelə müqəddəs rəmzlərin zor işlətmək, təcavüzə haqq qazandırmaq üçün istifadə olunmasının, millətlərarası münaqişələrin əldə əsas tutulmasının qəbuledilməz olduğunu diqqətə çatdırdı və insanın əsas mahiyyətini təhrif edənlərə layiqli cavab verilməsinin zəruriliyini önə çəkdi. Çünki insan zoru, terroru və ekstremizmi bütün formalarında rədd edir, yalnız sülhə və əməkdaşlığa çağırır.

Azərbaycanın bu gün bütün dünya üçün uğurlu tolerantlıq nümunəsi olduğunu dilə gətirən şeyxülislam ölkəmizdə olan dini qurumlar arasında xoş əməkdaşlıq əlaqələrinin mövcudluğunu, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu ənənənin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı və Azərbaycanın bu gün də müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynadığını vurğuladı.

Dağlıq Qarabağ münaqişəsindən danışan A. Paşazadə bu münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş bütün səyləri bir din xadimi kimi dəstəklədiyini söylədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti