Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İzzət/
İranın Bakıdakı konsulu bir neçə gün əvvəl İsrailin Azərbaycandakı səfirliyinin qarşısından keçərkən şübhəli şəxs qismində saxlanılan İran vətəndaşı Həsən Fərəci ilə görüşüb.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həbs edilən Həsən Fərəci konsulla görüşdə ümumi vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Səfirliyin məlumatında deyilir ki, noyabrın 20-də Azərbaycan tərəfi konsulun Həsən Fərəci ilə görüşünə icazə verib: "Görüşdə Həsən Fərəci səfirlik əməkdaşına təşəkkür edib və bildirib ki, onun vəziyyətinin normal olduğu ailəsinə çatdırılsın. Həsən Fərəci ona qarşı irəli sürülən ittihamları rədd edib".