Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə noyabrın 25-də İstanbul şəhərində Dünya Türk Gəncləri Birliyinin (DTGB) layihəsi olan "I Türk dünyasının gənc iş adamlarının toplantısı" keçirlib.
Birlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə Dünya Türk Gənclər Birliyinin sədri, III çağırış millət vəkili Әkrəm Abdullayev toplantının həyata keçirilməsinə dəstək verən qurumlara öz təşəkkürünü bildirərək, DTGB-nin 21 illik fəaliyyətindən, uğur və ilklərindən danışıb. Ə.Abdullayev daha bir ilkə imza atan DTGB-nin "I Türk dünyasının gənc iş adamlarının toplantısı"nın keçirilməsində əsas məqsədin türk dünyası regionunda 22-28 yaş arasındakı gənc iş adamları arasında əməkdaşlığın və koordinasiyanın yaradılmasının olduğunu vurğulayıb və türk dünyasının bütün nümayəndələrini belə bir toplantıda görməkdən qürur duyduğunu bildirərək, toplantını açıq elan edib.
Sonra Azərbaycan heyətinin rəhbəri Mirhəsən Seyidov Azərbaycan hökumətinin bu gün türkdilli ölkələrin bir araya gəlməsinə yüksək önəm verdiyini, toplantının Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə keçirildiyini qeyd edib. Azərbaycanda mövcud olan imkanlardan danışan heyət rəhbəri "II Türk dünyasının gənc iş adamlarının toplantısı"nın ən yaxın zamanda Şuşada keçirilməsi ümidi ilə çıxışını yekunlaşdırıb.
Toplantının ikinci günü "Türk dünyasının iqtisadiyyat sahəsində işbirliyi prespektivləri" mövzusunda seminar keçirilib və Azərbaycandan "Türk Dünyası İqtisadçılar Birliyi"nin sədri Pərviz Həsənov, "Texnika Kapital LTD"-nin rəhbəri Cəfər İbrahimov çıxış edərək, gənc sahibkarlara mövcud olan sahələrin statistik vəziyyətindən danışaraq, real ola biləcək təkliflərini səsləndiriblər.
Toplantıda DTGB-nin koordinatoru Elşad Abdullayevin aparıcılığı ilə İdarə Heyətinin "Türk Dünyası Gənc Sahibkarlar Birliyi"nin yaranması istiqamətində iştirakçıların verilən təkliflərinə əsasən müzakirələri başlayıb. Birliyin İdarə Heyətinin üzvləri seçildikdən sonra DTGB-nin sədri Ə.Abdullayev "Türk Dünyası Gənc Sahibkarlar Birliyi"nin yaradılması ilə bağlı bəyanatı qəbul edib.
Azərbaycan nümayəndələrindən əlavə olaraq,tTürk dünyasının siyasi xadimləri - Qırğızıstan gənclər nazirinin müavini Anıpa İmankulova, Türk Konseyinin baş katibi Kısmet Güzelov, MÜSİAD Gənclər Platformasının xarici əlaqələri üzrə koordinatoru Erdem Dereli, Türk Dünyası Jurnalistlər Cəmiyyətinin sədri Menderis Demir, Türkiyə-Hollandiya Ticarət Palatasının sədr müavini İhsan Beşer, Avropa Sənaye İqtisadiyyatı və Ticarət Palatasının Əfqanıstan təmsilmisi Mustafa Özdemir və digərləri öz fikir və biliklərini gənc iş adamları ilə paylaşıblar.
Noyabrın 30-a qədər davam edəcək toplantının proqramına gənc sahibkarların fərdi görüşləri, İstanbul turu və "Türk dünyası" etnik-mədəni konserti daxildir.