Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda test imtahanlarının gedişini onlayn izləmək imkanı yaranacaq.
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, artıq hər bir Azərbaycan vətəndaşı, o cümlədən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri test imtahanının gedişini onlayn izləyə biləcəklər.
Bu imkan dövlət qulluğuna qəbulla bağlı Komissiyada qeydiyyatdan keçmiş namizədlərin özləri, valideynləri və yaxınları üçün daha böyük önəm daşıyır.
Belə ki, artıq namizədlərin valideynləri, yaxınları, o cümlədən istənilən maraqlı şəxs (media və QHT nümayəndələri də daxil olmaqla) internet bağlantısı olduğu təqdirdə evdən, iş yerindən və ya internetə çıxışı olan mobil telefondan test imtahanının gedişini müşahidə edə biləcəklər.
4 və 25 oktyabr, 5 və 20 noyabr tarixlərində elan olunmuş müsabiqənin hazırda keçirilən test imtahanı mərhələsini canlı müşahidə etmək istəyən şəxslər Komissiyanın www.dqmk.gov.az ünvanlı internet saytının "Namizədlərin nəzərinə" bölməsinin "Test imtahanlarının gedişinin canlı izlənilməsi" altbölməsinə daxil olmaqla onlayn izləyə bilərlər.