...

"Təmiz Şəhər" yeni onlayn layihələrini təqdim edib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2013 16:42 (UTC +04:00)
Əhalinin ekoloji maarifləndirilməsinə hər zaman böyük önəm verən "Təmiz Şəhər" ASC tərəfindən "İKT ili" elan edilmiş 2013-cü il ərzində onlayn maarifləndirmə layihələrinə geniş diqqət ayrılıb.
"Təmiz Şəhər" yeni onlayn layihələrini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Əhalinin ekoloji maarifləndirilməsinə hər zaman böyük önəm verən "Təmiz Şəhər" ASC tərəfindən "İKT ili" elan edilmiş 2013-cü il ərzində onlayn maarifləndirmə layihələrinə geniş diqqət ayrılıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 6-da "Təmiz Şəhər"in rəsmi internet saytının (www.tamizshahar.az) yenilənmiş versiyasının və tullantıların azaldılmasına yönəldilmiş yeni saytın təqdimatı keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də müxtəlif QHT-lərin nümayəndələri iştirak ediblər.

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov tədbiri giriş sözü ilə açaraq Səhmdar Cəmiyyətin fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib, açıq informasiya siyasətinin "Təmiz Şəhər" ASC-nin prioritet istiqamətlərindən olduğunu qeyd edərək yenilənmiş internet saytının qurumun fəaliyyəti barədə ictimaiyyətin daha dolğun və asan məlumatlandırılmasına xidmət edəcəyini bildirib. Yeni saytın quruluşu və axtarış sistemi istifadəçilərin istədikləri informasiyanı daha rahat əldə etmələrinə imkan verəcək.

Tədbir çərçivəsində tullantıların azaldılmasına yönəlmiş www.teb.az ünvanında yerləşən Təkrar Emal Birjasının (TEB) da təqdimatı keçirilib. "Təmiz Şəhər" ASC-nin şöbə müdiri Oqtay Məmmədov qeyd edib ki, bu portal vasitəsilə istənilən şəxs təkrar emala yararlı xammalı satışa çıxararaq potensial müştərilərə təqdim edə bilər. Qeyd edilib ki, təkrar emalla məşğul olan sənaye şirkətlərinin rastlaşdığı başlıca problem xammal təchizatçılarının demək olar ki, olmamasıdır. Bu məsələnin həlli istiqamətində atılan növbəti addım kimi "Təmiz Şəhər" ASC tərəfindən TEB-in elektron portalı yaradılıb.

Şöbə müdiri tullantıların çeşidlənməsi və təkrar emalının tullantıların ümumi həcminin azalmasına, ucuz xammal bazarının formalaşmasına, ölkədə təkrar emal işinin inkişafına zəmin yaratdığını diqqətə çatdırıb, prosesin tullantıların ətraf mühitə mənfi təsirinin azalması kimi üstünlüyünü xüsusi vurğulayıb.

Tədbir zamanı iştirakçılara hazırlanmaqda olan www.tulantim.az internet səhifəsi haqqında da məlumat verilib. Bildirilib ki, portalın əsas məqsədi evlərimizdə olan və artıq istifadə etmədiyimiz, lakin kiminsə ehtiyacını ödəyə biləcək əşyaların tullantı kimi atılmasının qarşısını almaq, bu əşyaları digər istifadəçilərə təklif etməkdir. "Bir şəxs üçün lazımsız olan əşya digəri üçün gərəkli ola bilər" şüarı altında hazırlanan portal həm tullantıların miqdarını azaltmağa, həm də əhalidə mübadilə mədəniyyətini inkişaf etdirməyə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti