Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Baş prokuror Zakir Qaralov bu gün Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
Gün ərzində aparılmış qəbul zamanı Baş prokuror 50-dək vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini nəzərdən keçirərək bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, prokurorluğun səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, regionda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret göstərişlər verilib, vətəndaşların müraciətlərinə tam ciddiliklə baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.