...

Səhiyyə Nazirliyinin xəbərdarlığı: Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur

Cəmiyyət Materials 21 Dekabr 2013 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İzzət/

Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva şənbə günü nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ana və uşaq sağlamlığı dövlət tərəfindən hər zaman nəzarətdə saxlanılıb. Səhiyyə Nazirliyi tərəfindən bu sahədə çox sayda əmr və sərəncamlar həyata keçirilib.

L.Rzaquliyeva qeyd edib ki, nazirliyin gördüyü tədbirlər nəticəsində xidmət səviyyələrə görə bölünüb. "Nəticədə 3 səviyyə ayrılıb. Ən yüksək səviyyə perinatal səviyyədir. Bunun nəticəsində hər bir tibb işçisi öz üzərində işləyir, müəyyən treninqlərdə iştirak edir və onlara sertifikatlar təqdim edilir. Artıq 6 regionda perinatal xidmət yaradılıb. Tədbirlər nəticəsində ana və uşaq ölümləri azalıb və hamilələrin də müraciətləri artıb. Belə ki, ötən il diri doğulanların sayı 173 547 idisə, cari ildə bu say 175 minə yaxın olub. Ana ölümü isə ötən il 26 idisə, cari ildə bu say 24 olub".

O deyib ki, bütün dünyada doğuşun idarə olunmasında təbii doğuşa üstünlük verilir: "Qeysəriyyə kəsiyi ilə doğuşda isə uşağın və ananın adaptasiyası bir az zəif olur. Yəni bu, həm anada, həm də uşaqda bir az fəsadlar yaradır. Əgər buna məcburi ehtiyac yoxdursa, təbii doğuşa üstünlük verilməlidir. Hər bir həkim-cərrah, mama-ginekoloq qeysəriyyə kəsiyinin göstərişlərini bilməli, qadınların istəyi ilə hərəkət etməməlidir".

Komissiya sədrinin sözlərinə görə, artıq ölkədə hamilə qadınların reyestri təşkil olunur: "Artıq bunun üzərində işlənilir. Əgər qadın başqa bir yerə köçərsə, o, qeydiyyatda olacaq. Harada olmasından asılı olmayaraq, nəzarətdə olacaq və bu o deməkdir ki, biz hamilə dövrünü itirməyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti