Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının struktur bölmələrinin yeni əsasnamələri haqqında qərar qəbul edilib.
Trend-in məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirilib ki, Beynəlxalq Əlaqələr, Elmi Təşkilat və İşlər idarələri, həmçinin Hüquqi təminat, İctimaiyyətlə əlaqələr və digər şöbələrin əsasnamələri Akademiyanın hüquqi sənədləri sırasına daxil edilib.
AMEA-nın bugünkü iclasında Akademiyanın İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının Əsasnaməsi və tərkibi təsdiq olunub. Əsasnaməyə görə, qurum innovasiya sahəsində yerli və beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək, innovativ layihələrin elmi ekspertizasının keçirilməsini təşkil etmək, elmi-texniki nailiyyətlərin tətbiqində iştirakçı olmaq və digər vəzifələri daşıyır.