Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Təhsil Nazirliyinin sifarişi ilə "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsil alanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.
Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılmaqdadır. Daha geniş yayımlanması üçün film mərkəzi və regional kanallara da təqdim edilib.
Filmin ictimaiyyətə çatdırılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda, Azərbaycan təhsil nazirinin "Təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.