Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bu gündən Azərbaycanda havanın temperaturu 3-4 dərəcə düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, yaxın iki gün ərzində hava küləkli və yağıntılı keçəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi arabir güclənəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.
Yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı olacağı, sulu qar və dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 15-dən artıq ölkə ərazisində yağmursuz hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.
Temperatur gecə 1-4 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 14-də hava yağıntılı keçəcək, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 4-9 dərəcə isti, dağlarda gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gecə 5-10 dərəcə şaxta olacaq.