Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.İsmayılov/
Daha əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq reyslərində işləmiş bələdçi kişilər daxili reyslərə göndərilib. Bunu bazar ertəsi Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, işdən qovulduqlarını bildirən bələdçilərin narazılığının heç bir əsası yoxdur: "Çünki beynəlxalq reyslərdə işləmiş bələdçi kişilər daxili reyslərə təyinat alıblar".
N.Əzməmmdəov qeyd edib ki, bütün bələdçilər daxili reyslərə göndərilib: "Burada əməkhaqqı beynəlxalq reyslərə nisbətən iki dəfə çoxdur. Beynəlxalq reyslərdə əməkhaqqı 150 manat olduğu halda, daxili reyslərdə bu rəqəm iki dəfə çoxdur".
O, bələdçilərin narazılığını belə əsaslandırıb: "Çox güman ki, onlar beynəlxalq reyslərdəki sərnişin qatarlarında qanunsuz yükdaşımalardan gəlir əldə edirdilər".
Qeyd edək ki, Azərbaycanda sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır.