...

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək

Cəmiyyət Materials 13 Yanvar 2014 16:11 (UTC +04:00)
20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək.
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində Azərbaycanln diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər keçiriləcək.

Belə ki, Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsinin qurbanları yad ediləcək. Belə ki, yanvarın 19-dan başlayaraq ABŞ-ın paytaxtı Vaşinqtonda, həmçinin Hyuston, Nyu-York, San Fransisko və azərbaycanlıların kompakt yaşadığı digər şəhərlərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri və "dəyirmi masalar"ın keçirilməsi, faciəni əks etdirən videoçarxların və sənədli filmlərin nümayişi nəzərdə tutulur.

Almaniya Federativ Respublikasının müxtəlif subyektlərində də 20 Yanvar faciəsi ilə bağlı müxtəlif formatlı tədbirlər təşkil olunur. Almaniyanın Maqdeburq, Berlin və digər şəhərlərində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

Yanvarın 18-dən 23-dək Niderland Krallığının Haaqa, Amsterdam və Rotterdam şəhərlərində digər xalqların diaspor nümayəndələrinin də iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım tədbirlərinin keçirilməsi, həmçinin Niderland Krallığının, Belçika Krallığının və Lüksemburqun siyasi partiyalarına faciə ilə bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır.

Yanvarın 19-da Türkiyənin Kocaeli şəhərində regional televiziya kanalı olan 41 TV kanalında 20 Yanvar faciəsi ilə bağlı Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədri Bilal Dündarın iştirakı ilə brifinq keçiriləcək. Brifinqdə milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək. Yanvarın 20-də isə Kocaelidə 20 Yanvar faciəsinin iyirimi dördüncü ildönümü ilə əlaqədar tarixçi - yazıçı Abdulla Köktürün iştirakı ilə konfrans, Kültür Evində fəaliyyət göstərən Azərbaycan Muzeyində fotosərgi, Adana şəhərində isə "Azərbaycan tarixinin Qanlı səhifəsi" mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərində 20 Yanvar faciəsindən bəhs edən sənədli filmlərin nümayişi, yerli qəzetlərdə isə bu barədə ətraflı məlumatların çap olunması nəzərdə tutulub.

Həmçinin 19-20 yanvar tarixlərində Gürcüstanın Qardabani, Marneuli, Tbilisi və Rustavi şəhərlərində faciə ilə bağlı anım mərasimləri, konfrans, "dəyirmi masa" və şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi keçiriləcək.

Rusiya Federasiyasının paytaxtı Moskvada, həmçinin Sank-Peterburq, Yekaterinburq şəhərlərində və digər müxtəlif subyektlərində, Ukraynanın paytaxtı Kiyevdə, Xarkov və Dnepropetrovsk şəhərlərində, bundan başqa, Belarusun Minsk şəhəri və Moldovanın Kişinyov şəhərində də faciənin iyirmi dördüncü ildönümünə həsr olunmuş anım mərasimləri təşkil olunacaq.

Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Misir Ərəb Respublikasının Qahirə şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək və "Şəhidlərimiz" mövzusunda fotosərgi nümayiş olunacaq.

20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı Qırğızıstanın Bişkek şəhərində "20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu" mövzusunda konfrans keçiriləcək, fotosərgi və sənədli flimlər nümayiş olunacaq, həmçinin "20 Yanvar qəhrəmanlıq tariximizin səhifəsi" mövzusunda "dəyirmi masa" keçiriləcək.

Qazaxıstanın paytaxtı Astanada "Azərbaycan xalqının azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi" mövzusunda elmi-praktiki konfrans, Almatı şəhərində isə "20 Yanvar faciəsi: Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət" mövzusunda konfrans və fotosərgi təşkil olunacaq.

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bir sıra digər ölkələrdə də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti