...

İqtisadiyyat və Sənaye Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Cəmiyyət Materials 18 Yanvar 2014 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Bir neçə gündür ki, 20 Yanvar faciəsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarında anım mərasimləri keçirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 18-də İqtisadiyyat və Sənaye Nazirliyinin Mərkəzi Aparatında Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırlatmışdır.

Qeyd edilmişdir ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə, xalqı daha da birləşdirmiş, mübarizliyini artırmışdır.

N.Səfərov ulu öndər Heydər Əliyevin Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini bildirmişdir. Məhz ümummilli liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.
ulu öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat vermiş, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulamışlar. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti