...

Azərbaycanda əhalinin qeyri-bərabər yerləşməsi ilə bağlı ən böyük problemlər Abşeron iqtisadi rayonunda yaranıb

Cəmiyyət Materials 6 Fevral 2014 15:25 (UTC +04:00)
Azərbaycanda əhalinin qeyri-bərabər yerləşməsinin ən böyük problemi Abşeron iqtisadi rayonunda (Bakı, Sumqayıt şəhərləri, Abşeron, Xızı rayonları) özünü göstərir.
Azərbaycanda əhalinin qeyri-bərabər yerləşməsi ilə bağlı ən böyük problemlər Abşeron iqtisadi rayonunda yaranıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əhalinin qeyri-bərabər yerləşməsinin ən böyük problemi Abşeron iqtisadi rayonunda (Bakı, Sumqayıt şəhərləri, Abşeron, Xızı rayonları) özünü göstərir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

Z.Eminov bildirib ki, Abşeron iqtisadi rayonu artıq urbanizasiya rayonuna, böyük bir məskunlaşma arealına çevrilib. Burada şəxsi evlərin sayının çoxalması torpaqlardan səmərəsiz istifadəyə gətirib çıxarır.

Alimin sözlərinə görə, vaxtilə Abşeron rayonunda kənd təsərrüfatı kifayət qədər inkişaf etmişdi, burada üzüm əkilir, zeytunçuluq inkişaf edirdi. Hazırda isə Abşeronda kənd təsərrüfatı üçün yararlı torpaqlar yoxdur: "Artıq dövlət, yaxud yerli səviyyədə tikinti aparmaq, hansısa tədbir görmək üçün torpağın ayrılması Abşeron üçün problemə çevrilib. Burada müəyyən ərazilər neftlə çirklənib, qalan ərazilər isə demək olar ki, tutulub. Bu işdə dövlət nəzarətinin gücləndirilməsi lazımdır".

Z.Eminov deyib ki, hazırda Azərbaycanda əhalinin sayına görə Abşeron iqtisadi rayonundan sonra Aran və Gəncə-Qazax iqtisadi rayonları gəlir. Əhalinin məskunlaşması ilə bağlı daha çox dağlıq ərazilərdə - dəniz səviyyəsindən 1000 metrdən yüksəkdə yerləşən kəndlərdə problemlər var.

Araşdırmaçı mütəxəssis təklif edir ki, əhalinin Bakıya miqrasiyasının qarşısını almaq üçün ilk növbədə yüngül sənaye inkişaf etdirilməlidir: "Pambıqçılığı inkişaf etdirmək, onun emal müəssisələrinin yaradılması, toxuculuq, tikiş fabriklərinin açılması lazımdır. Azərbaycanda qoyun saxlanılır, amma onun xammalının son məhsula çevrilməsi problemdir. Becərilən pambıq məhsullarının hamısını demək olar ki, biz satırıq, ancaq sonra pambıqdan hazırlanan məhsulları xaricdən idxal edirik. Ölkədə baramaçılığı da inkişaf etdirmək lazımdır. Kənd təsərrüfatında emal sahələri yaradılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti