...

Əflatun Amaşov: Azərbaycanda tolerantlıq mühitinin yaradılmasında medianın böyük rolu var

Cəmiyyət Materials 7 Mart 2014 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycanda toleratlıq mühitinin yaradılmasında medianın böyük rolu var". Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkil etdiyi "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı MŞ sədri Əflatun Amaşov bildirib.

Ölkədə mövcud dini durum haqqında danışan Ə.Amaşov bildirib ki, Azərbaycanda dini etiqad azadlığı qanunla təsbit edilib: "Azərbaycan vətəndaşı olan hər bir şəxs vicdan və dini etiqad azadlığına malikdir. Bu gün Azərbaycanda böyük tolerantlıq mühiti mövcuddur və bunda mətbuatın da böyük rolu var".

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan mediası dövlətin dini azadlıq və tolerantlıq siyasətini hər zaman dəstəkləyib.

Təriqətlərdən danışan MŞ sədri bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif təriqətlər və dini cərəyanlar Azərbaycana yol tapıb, son dövrlərdə isə onlar öz fəaliyyətlərini daha da genişləndiriblər: "Misal üçün, Səudiyyə Ərəbistanında yaradılan vəhhabilik təriqətinin inkişafı və yayılması üçün 80 milyard dollardan çox maliyyə vəsaiti xərclənib".

Ə.Amaşov qeyd edib ki, son dövrlər mətbuatda nurçuluqla bağlı materiallara geniş yer verilir: "Məlum olduğu kimi, Azərbaycanda heç bir dini təriqətə qarşı təzyiq və zorakılıq halları yoxdur. Lakin çalışmalıyıq ki, bizim milli və dini maraqlarımıza qarşı təhlükəli siyasət yeridən dini qrupların fəaliyyəti nəzarətdə saxlanılsın".

Onun sözlərinə görə, mətbuat hər zaman dünyəvi və dini dəyərləri özündə birləşdirərək ideoloji məfkurə yaratmalıdır: "Müasir mediamız da həmişə bu prinsiplərə sadiq qalıb. Ölkə mediasında bu problemlər mövcud deyil. Jurnalistlərin davranış kondeksində də bu məsələ yer alır. Azərbaycan dövlətinin dini azadlıqlarla bağlı həyata keçirdiyi siyasəti mətbuatda hər zaman dəstəklənib. Hər bir ölkədə əmin-amanlığın yaradılmasında dini toleratlıq mühüm rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti