...

UNESCO-da təşkil olunan sərgidə azərbaycanlı rəssamın əsərləri maraqla qarşılanmışdır (FOTO)

Cəmiyyət Materials 7 Mart 2014 23:01 (UTC +04:00)
Martın 7-də UNESCO-nun mənzil-iqamətgahında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın rəssamların əsərlərindən ibarət təşkil olunan sərgidə ölkəmizi Azərbaycanın Əməkdar Rəssamı Əsmər Nərimanbəyova öz rəsm əsərləri ilə təmsil etmişdir.
UNESCO-da təşkil olunan sərgidə azərbaycanlı rəssamın əsərləri maraqla qarşılanmışdır  (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Martın 7-də UNESCO-nun mənzil-iqamətgahında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın rəssamların əsərlərindən ibarət təşkil olunan sərgidə ölkəmizi Azərbaycanın Əməkdar Rəssamı Əsmər Nərimanbəyova öz rəsm əsərləri ilə təmsil etmişdir.

Azərbaycan ilə yanaşı, Rusiya, Kanada, Benin, Bolqarıstan, Peru, Boliviya, Banqladeşdən də qadın rəssamların əsərlərinin nümayiş olunduğu sərgini açan UNESCO-nun baş direktoru İrina Bokova Beynəlxalq Qadınlar Gününün Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən bayram edildiyini xatırlatmış, gender bərabərliyinin BMT-nin fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu və rəhbərlik etdiyi qurumun da bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. O, elm, təhsil və mədəniyyət sahələrində qadınların rolunu xüsusi vurğulamışdır.

UNESCO-nun bütün sahələrdə qadın və qızların hüquqlarını müdafiə etdiyini vurğulayan baş direktor bu cür tədbirlərin xalqların yaxınlaşmasında və mədəniyyətlərarası dialoqun inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, əlamətdar bayram münasibətilə qadınları təbrik etmişdir.

Sərginin Şərqi Avropa ölkələri qrupunun sədri, Litvanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arunas Jelunas sərgi ilə bağlı Avropa ölkələrinin qadın rəssamları arasında seçim aparıldığını, Rusiya, Bolqarıstan və Azərbaycanın möhtəşəm tədbirdə təmsil olunmasının qərara alındığını bildirmişdir.

Sərgidə Əsmər Nərimanbəyovanın "Baharın xoşbəxtlik ruhu və gözəllik " kompozisiyası adı altında 10 rəsm əsəri nümayiş etdirilmişdir. Onun əsərlərini sərgi iştirakçıları xüsusi maraqla qarşılamışlar.

Sərgidə rəsm əsərləri müəlliflərinin təmsil olunduqları ölkələrin mətbəx nümunələri də nümayiş etdirilmişdir. Hər dəfə olduğu kimi, Azərbaycanın zəngin mətbəx nümunələri yenə də diqqəti cəlb etmişdir.

Sərgidə Fransa ictimaiyyətinin nümayəndələri, UNESCO rəsmiləri, qurumda akkreditə olunan diplomatik korpusun, ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliyinin və Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları iştirak etmişlər.

Sərgi iştirakçısı Jak Boler AzərTAc-a müsahibəsində demişdir: "Mən Azərbaycan ilə bağlı bütün tədbirlərdə demək olar ki, daim iştirak edirəm. İstər mədəniyyətinizin, istərsə də mətbəxinizin zənginliyi məndə ölkəniz barədə xüsusi təəssürat yaratmışdır.

Azərbaycanlı rəssamın əsrlərində daha çox xoşuma gələn cəhət rəng seçimidir. Onun çəkdiyi əsərlərdə rənglər parlaq və aydınlığı ilə diqqəti cəlb edir. Bu, özlüyündə xanım rəssamın öz sənətinə ürəkdən bağlılığından xəbər verir.

Azərbaycan mətbəxinə gəldikdə isə onu deyə bilərəm ki, qonaqların digər ölkələrin mətbəxləri ilə müqayisədə sizin mətbəx nümunələrinə xüsusi maraq göstərmələri, fikrimcə, özlüyündə hər şeyi izah edir".

Xəbər lenti

Xəbər lenti