...

Fransız uşaqlar Parisdə azərbaycanlılarla birgə Novruz yumurtası boyayıblar (FOTO)

Cəmiyyət Materials 17 Mart 2014 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Parisdə uşaqlar üçün Novruz bayramına həsr olunmuş məşğələlər keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Azərbaycan Evi Novruz bayramı ərəfəsində azərbaycanlı və fransız uşaqlar üçün rəsm və yumurta boyama məşğələləri təşkil edib.

"Milli adət-ənənələrimizi unutmayaq" layihəsi çərçivəsində Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi nümayəndəliyinin dəstəyi ilə keçirilən dərnəkdə uşaqlar məşhur rəssamların köməyi ilə bahar və Novruz bayramını əks etdirən rəsmlər çəkib, yumurta boyayıb və plastilindən müxtəlif fiqurlar düzəldib, Novruz xonçası bəzəyiblər.

Hər zaman milli adətlərimizi kiçik yaşlı soydaşlarımıza, eləcə də fransızlara aşılayan Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbirdə çıxış edərək Novruz bayramı haqqında iştirakçılara geniş məlumat verib, uşaqlar arasında əyləncəli viktorina keçirməklə onların diqqətini cəlb etməyə çalışıb.

Uşaqların rəsm dərnəyində məşhur rəssam Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova və onun fransız həmkarı da iştirak edərək balacalara baharın və Novruzun atributlarını - günəş, buta, səməni, tonqal və s. çəkməkdə yardım ediblər. Paris Azərbaycan Evinin üzvü, rəssam Mehri Quliyeva və Jalə Babayeva da uşaqlara öz məsləhətlərini verib.

Məşğələdə ibtidai sinif şagirdlərindən ibarət 30-dək azərbaycanlı və fransız uşaq iştirak edib. Məşğələnin sonunda uşaqların əl işlərini incələyən rəssamlar balacaların istifadə etdiyi rəngləri, boyama üslubunu və s. nəzərə alaraq onların istedadını dəyərləndirib.

Qeyd edək ki, uşaqların əl işləri gələn həftə ərzində UNESCO-da Novruz bayramına həsr olunmuş tədbirdə sərgilənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti