...

"Heydər zirvəsi"nə yürüşlər uğurla başa çatıb

Cəmiyyət Materials 13 May 2014 16:48 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar 3-11 may tarixlərində Böyük Qafqazın Şahdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş və Azərbaycanın bütün bölgələrindən rekord sayda insanın qatıldığı kütləvi yürüş uğurla başa çatıb.
"Heydər zirvəsi"nə yürüşlər uğurla başa çatıb

Azərbaycan, Bakı, 13 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar 3-11 may tarixlərində Böyük Qafqazın Şahdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş və Azərbaycanın bütün bölgələrindən rekord sayda insanın qatıldığı kütləvi yürüş uğurla başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 3-dən başlayaraq ayrı-ayrı qruplara bölünmüş yürüş iştirakçıları təşkilatlanmış qaydada, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə "Heydər zirvəsi"nə doğru yürüş ediblər.

Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra zirvəyə qalxıb, Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Aksiyaya qatılmaq üçün Təşkilat Komitəsindən ümumilikdə 650 nəfər qeydiyyatdan keçərək dövlətimizin və ölkəmizin qurucusuna olan səmimi sevgisini, ehtiramını bu möhtəşəm aksiyaya qoşulmaqla ifadə ediblər.

Bəzi yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş baza düşərgəsinə çatsa da, ağır dağ şəraitinə uyğunlaşmadıqlarına, səhhətlərində yaranan problemlərə və fiziki imkanları yol vermədiyinə görə son nöqtəyədək irəliləməkdə çətinlik çəkib və bələdçilər tərəfindən onların geri dönməsi tövsiyə edilib. Ümumilikdə "Heydər zirvəsi"nə 400-dən artıq ziyarətçi qalxıb.

Qeyd edək ki, "Heydər zirvəsi"nə edilən yürüşlərin daha da kütləviləşməsi, yürüşə qatılmaq istəyənlərin sayının ötən illərlə müqayisədə daha da çoxluğu nəzərə alınaraq, bu ildən sözügedən aksiya dövlət qurumu olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunub, ənənəvi olaraq kütləvi yürüşün iştirakçıları birdəfəlik giriş haqqından azad ediliblər.

Təşkilat Komitəsi tərəfindən aksiyanın mütəşəkkilliyi təmin olunub, o cümlədən yürüş marşrutu müəyyənləşdirilib, marşrut üzərində tam təchizatlandırılmış çadırlardan düşərgə qurulub, çətin relyef və iqlim şəraitinə malik olan dağlarda insanların təhlükəsizliyi təmin edilərək yürüşlərin yüksək səviyyədə təşkilinə nail olunub.

Aksiyada təşkilati tədbirlərin lazımi səviyyədə yerinə yetirilməsi nəticəsində ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilib, formalaşmış bütün növ tullantıların utilizasiyası həyata keçirilib və təbiətə heç bir mənfi təsir göstərilməyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti