Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/
Şəki penitensiar müəssisəində cəza çəkən 30-dan çox məhkumun vaxtından əvvəl şərti azad olunmaları və ya cəzalarını daha yüngül rejimli müəssisədə çəkməsi üçün məhkəmə qarşısında məsələ qaldırılacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və daha yüngül rejimli müəssisəyə keçirilmə məqsədi ilə Şəki penitensiar kompleksində Ədliyyə Nazirliyinin rəhbər işçilərinin, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələrinin, habelə məhkumların valideynləri və yaxın qohumlarının iştirakı ilə görüş keçirilib. 30-dan çox məhkumun şəxsi işləri və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, onlarla fərdi görüşülərək səmimi söhbətlər aparılıb, islah yoluna düşmüş məhkumların vaxtından əvvəl şərti azad olunmaları və ya cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilib.
Dəvət olunmuş valideynlər bu tədbirin qeyri-adiliyini vurğulayıb, müstəsna şəffaflıqla seçilən və korrupsiya hallarının qarşısını alan bu yeni təcrübənin böyük məmnuniyyətlə qarşılandığını qeyd edib, islah yoluna düşmüş məhkumların sosial adaptasiyasına yaxından kömək edən Ədliyyə Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndiriblər.
Qeyd edək ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və daha yüngül rejimli müəssisəyə keçirilmə institutunun tətbiqi cinayət-hüquq siyasətinin humanizmliyini nümayiş etdirməklə yanaşı, cinayət törətmiş şəxslərin islah olunma prosesinin sürətləndirilməsinə, onların sosial adaptasiyasına geniş imkan yaradır. Bu institutun tətbiqi zamanı məhkumların törətdiyi cinayətə münasibəti, səmimi peşmanlığı, islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə nəzərə alınaraq onların vaxtından əvvəl azad edilməsinin və ya daha yüngül rejimli müəssisəyə keçirilməsinin mümkünlüyü ətraflı araşdırılır. Bununla əlaqədar qanunçuluq, obyektivlik və şəffaflıq prinsipləri əsasında Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar Xidmətin təcrübəli məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri, millət vəkilləri və hüquq-müdafiəçilərdən ibarət formalaşdırılmış xüsusi komissiya uğurla fəaliyyət göstərir, mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkərək məhkumların işlərini öyrənir, onlarla görüşür, hüquqı yardımlar göstərir, tərbiyəvi tədbirlər, maarifləndirmə və izahat işi aparır.