...

Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 İyun 2014 11:22 (UTC +04:00)
Bakıda Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb.
Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, forumda Bakı daxil olmaqla, 80-dən artıq rayonun 1739 nümayəndəsi iştirak edir.

Forumda, həmçinin qeyri-hökumət, gənclər təşkilatlarının, tələbə gənclər təşkilatlarının rəhbərləri, dövlət rəsmiləri, mərkəzi icra strukturlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digərləri iştirak edirlər.

Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hazırda ölkəmizdə 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi Dövlət Proqramı" uğurla həyata keçirilir.

O, qeyd edib ki, Azərbaycan gənclərinin ilk forumu 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilib: "O zaman zalda toplaşmış gəncləri diqqətlə dinləyən, hər bir problem və təklifə önəm verən ulu öndər bununla ölkəmizdə həyata keçirilən gənclər siyasətinin yerini və rolunu göstərib. Onun çıxışı Azərbaycanın gələcəyindən xəbər verərək gənclər siyasətinin hədəflərini və vəzifələrini müəyyən edib. Bu gün fəxrlə demək lazımdır ki, göstərilmiş inkişaf istiqamətləri nəinki 20 il bundan əvvəlki dövr üçün, hətta bu günümüz üçün aktual olub".

Nazir bildirib ki, 6-cı forumdan keçən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilib, onlardan 254-ü ölkə səviyyəli, 89-u beynəlxalq tədbir olub. Həmin tədbirlərdə hər il orta hesabla 200 mindən artıq gənc iştirak edib. Bu müddətdə 6000-dən çox gənc beynəlxalq mübadilə proqramlarında iştirak edib: "Səslənən rəqəmlər yalnız Gənclər və İdman Nazirliyinin fəaliyyətini əks etdirir. Dəstəyimizlə QHT-lər tərəfindən keçirilən tədbirləri nəzərə alsaq, orta hesabla il ərzində 300-dən artıq tədbir keçirilib".

Ümumilikdə 3 il ərzində gənclər siyasəti sahəsində görülən işlər barədə hesabat verən nazir sonda qeyd edib: "Mən Azərbaycan Prezidentinin ölkə gəncləri haqqında fikrini səsləndirmək istərdim: "Müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişə bilər. İnaniram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaq".

Forumun açılış mərasimindən sonra gənclər 5 seksiya üzrə işlərini davam etdirəcəklər. Seksiyalarda gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu, gənclərin sosial inkişafı və sahibkarlıq, yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı istiqamətində müzakirələr aparılacaq.

Həmçinin son forumdan keçən 3 il ərzində görülən işlər barədə hesabat veriləcək, qarşıda duran vəzifələr və Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunacaq.

Forumun sonunda qətnamə və forum iştirakçılarının Azərbaycan gənclərinə müraciəti qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti