...

Vergi orqanlarına işə qəbulun test mərhələsini uğurla başa vurmuş namizədlərlə görüş keçirilib

Cəmiyyət Materials 4 İyun 2014 18:34 (UTC +04:00)
Bu gün Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanından müvəffəqiyyətlə keçmiş 76 nəfər namizədlə görüş keçirilib.
Vergi orqanlarına işə qəbulun test mərhələsini uğurla başa vurmuş namizədlərlə görüş keçirilib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bu gün Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanından müvəffəqiyyətlə keçmiş 76 nəfər namizədlə görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, İnsan resursları idarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov işə qəbulun test mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədləri salamlayaraq onları təbrik edib, yaxın günlərdə müsabiqə komissiyası tərəfindən keçiriləcək müsahibədə 70 baldan yuxarı toplamış bu gənclərin iştirak etmək imkanı qazandıqlarını bildirərək onlara uğurlar arzulayıb. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan idarə rəisi əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.

F.Şahbazovun sözlərinə görə, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu ilə keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. İndiyədək keçirilmiş 9 belə müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc kadr işə qəbul olunub, indi isə daha 76 nəfər namizəd növbəti mərhələdə öz qüvvələrini sınamaq imkanı qazanıb. Qeyd olunub ki, test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 2303 nəfərin 1931-nin sənədləri qəbul olunub, imtahanda 1390 nəfər iştirak edib. Test imtahanında uğur qazanmış 76 nəfər növbəti mərhələdə Vergilər Nazirliyinin Aparatında müsabiqə komissiyası tərəfindən müsahibədən keçməlidirlər. Bu mərhələdən də uğurla keçən namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edəcəklər.

Xatırladaq ki, müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti