...

Gəncədə çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri yaradılır

Cəmiyyət Materials 10 İyun 2014 17:39 (UTC +04:00)
Gəncədə əhalinin say artımı nəzərə alınaraq 5 müxtəlif ərazidə dövlət sifarişi ilə çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinin yaradılmasına başlanılıb.
Gəncədə çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri yaradılır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Gəncədə əhalinin say artımı nəzərə alınaraq 5 müxtəlif ərazidə dövlət sifarişi ilə çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinin yaradılmasına başlanılıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə yaşayış massivində və Dəyirman dairəsi adlandırılan ərazidə ümumilikdə 28 bina inşa ediləcək. Qalan 3 ərazi isə müəyyənləşdirildikdən sonra tikintiyə start veriləcək.

Gəncənin Şah İsmayıl Xətai prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində inşa edilən çoxmərtəbəli yaşayış binalarının tikintisinə bu ilin mart ayının əvvəlindən başlanılıb. Burada hazırda 14 ədəd 12 mərtəbəli bina tikilir ki, bunların da birinci mərtəbəsində ticarət obyektləri fəaliyyət göstərəcək. Layihəyə görə hündürlüyü 42 metr olacaq binalarda mənzillər 2-3 otaqlı inşa edilir. Binaların hər birində 1 blok və 44 mənzilin olması nəzərdə tutulub. Yaşayış kompleksinin tikintisinə 70-ə yaxın işçi qüvvəsi və 7 ağır texnika cəlb edilib. Tikilən ilk üç binanın bu ilin oktyabr ayında təhvil verilməsi nəzərdə tutulur.

Yeni Gəncə yaşayış kompleksində çoxmərtəbəli yaşayış binalarının inşasına isə bu ilin fevral ayının sonlarından başlanılıb. Burada çoxmərtəbəli yaşayış binalarının inşası üçün 3,3 hektar ərazi ayrılıb.

Ərazidə inşa edilən 14 bina isə 9 mərtəbəli olacaq. Layihəyə görə, çoxmərtəbəli binalar əsasən 1, 2 və 3 otaqlı tikilir. Binalarda gələcəkdə ümumilikdə 920 ailə yaşayacaq. Burada tikilən binaların 11-nin zirzəmisində işlər başa çatıb, hazırda birinci mərtəbədə betontökmə işləri aparılır. Bununla yanaşı, digər 3 çoxmərtəbəli binanın bünövrəsində isə qazma işləri aparılır.

Ərazidə bir ədəd yanğınsöndürən və içməli su anbarları, bundan başqa, əhalini fasiləsiz olaraq işıqla təmin etmək üçün 1600 kilovatlıq transformator da inşa ediləcək. İstiliklə təmin olunacaq mənzillər sahibinə tam təmirli şəkildə təqdim ediləcək. Ərazidə avtomobil dayanacaqları, uşaqların oynaması üçün meydançalar da düzəldiləcək. Yeni Gəncə yaşayış kompleksində çoxmərtəbəli binaların inşasında 400 işçi və 20 ağır texnika çalışır. Burada binaların beton işlərinin sentyabr ayınadək başa çatdırılması planlaşdırılıb. Ümumilikdə isə 9 mərtəbəli 14 binanın tikintisinin bu ilin sonuna kimi yekunlaşacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti