Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Səbinə Əhmədova/
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar FLEX (Future Leaders Exchange - Gələcək Liderlərin Mübadilə Proqramı) proqramı üzrə ABŞ-a yola düşəcək azərbaycanlı şagirdlərlə görüşüb.
Trend-in məlumatına görə, səfir proqram iştirakçılarını təbrik edib və onlara bu işdə uğurlar arzu edib.
R.Morninqstar bildirib ki, bu proqram artıq təxminən 20 ildir həyata keçirilir.
Səfirin sözlərinə görə, bu proqramda iştirak etmək hər bir şagirdə amerikalı ailəsində yaşayaraq Amerika ilə şəxsən tanış olmaq imkanı verəcək.
O deyib ki, bu kimi mübadilə proqramlarının üstün cəhətlərindən biri orada təhsil almış şagirdlərin qayıtdıqdan sonra öz ailə üzvləri, dostları və tanışları ilə ABŞ haqqında təəssüratlarını bölüşməsidir. Səfirin sözlərinə görə, eyni sözləri ABŞ-dan Azərbaycana gələn elm xadimləri, təhsil mütəxəssisləri barədə də demək olar.
R.Morninstar qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılması baxımından bu proqramlar çox vacibdir.
Qeyd edək ki, FLEX yuxarı sinif şagirdlərinin mübadilə proqramıdır. Bu dəfə 31 azərbaycanlı şagird FLEX proqramı çərçivəsində ABŞ-a səfər edəcək. Proqram tamamilə ABŞ hökuməti tərəfindən maliyyələşdirilir.