...

Gənc alimlə vida mərasimi (FOTO)

Cəmiyyət Materials 21 İyun 2014 18:46 (UTC +04:00)
Gənc alimlə vida mərasimi.
Gənc alimlə vida mərasimi (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İndi onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Həmişə axtarışda olan tədqiqatçı alim Samir Pişnamazzadə əvəzsiz bir insan idi. Sadəliyi, səmimiyyəti, çalışqanlığı onu hər kəsə sevdirə bilmişdi.

Gənc alim Gəncə tarixi ilə bağlı sanballı monoqrafiyaların və elmi əsərlərin müəllifi idi. Vaxtsız və faciəli şəkildə gələn ölüm onu bizlərdən ayırdı. AMEA Gəncə Bölməsinin binası qarşısına toplaşanlar Samir Pişnamazzadə ilə vida görüşünə gəlmişdilər. Onun hər gün enib-qalxdığı pillələrə al qərənfillər düzülmüşdü.

Matəm mərasimini açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan elminə və şəhər ictimaiyyətinə ağır itki üz verdiyini bildirdi. Samir Pişnamazzadənin elmi fəaliyyətlə yanaşı, Gəncədə gedən abadlıq-quruculuq işlərində yaxından iştirak etdiyini söyləyən icra başçısı onun yeni yaradılan Heydər Əliyev Mərkəzinin, Nizami Gəncəvi Muzeyinin, Məhsəti Gəncəvi Mərkəzinin və Qala Qapıları Arxeologiya və Etnoqrafiya Abidə-Kompleksinin təşkilində əvəzsiz xidməti olduğunu qeyd etmişdir.

Dahi şairimiz Nizami Gəncəvinin 870 illik yubileyində, Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi tədbirlərində yaxından iştirak etdiyini qeyd etmişdir. Elmar Vəliyev Samir Pişnamazzadənin yaxınlarına və doğmalarına başsağlığı vermiş, mərhumun xatirəsinin həmişə əziz tutulacağını bildirmişdir.

Mərasimdə çıxış edən AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, GDU-nun professoru Həsənbala Sadıqov Samir Pişnamazzadənin elmi fəaliyyətindən danışmışlar. Alimin bir çox respublika və beynəlxalq miqyaslı elmi tədbirlərdə Gəncəni uğurla təmsil etdiyi, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının büro üzvü kimi gərəkli fəaliyyəti vurğulanmışdır.

Vida mərasimindən sonra mərhum Samir Pişnamazzadə Səbiskar qəbiristanlığında torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti