...

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 24 İyun 2014 19:22 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin təşəbbüsü ilə Belarusun Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Nikolayeviç Davidoviçin xatirəsi anılıb.
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Müdafiə Nazirliyinin təşəbbüsü ilə Belarusun Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Nikolayeviç Davidoviçin xatirəsi anılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı, digər xalqların övladları da şəhidlik zirvəsinə ucalıb və adları Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.

A.Davidoviç 1965-ci ilin baharında Slutskda hərbçi ailəsində anadan olub. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini müvəffəqiyyətlə bitirərək zabitlik peşəsinə yiyələnmiş gənc leytenant A.Davidoviç xidmətə SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda başlasa da, az sonra onu Zaqafqaziya Hərbi Dairəsinin sərəncamına göndəriblər. O, əvvəl Gəncə şəhərindəki SSRİ, sonra isə Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus artilleriya alayında qərargah rəisi vəzifəsinə təyin edilib, "kapitan" rütbəsinədək yüksəlib.

1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı - Xocalı faciəsindən sonra A.Davidoviç özünə gələ bilmirmiş. Evlənməsindən heç bir il keçməmiş, uzaq Belarusda onu doğmalarının gözləməsinə baxmayaraq, o, könüllü olaraq müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın Silahlı Qüvvələrinə daxil olub və Milli Ordumuzun yaranmasında, formalaşmasında, peşəkar artilleryaçıların hazırlanmasında köməyini əsirgəməyib.

Artıq "mayor" hərbi rütbəsi verilmiş zabit tez-tez cəbhə bölgələrində olur, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda fəal iştirak edirdi. 1992-ci ilin iyununda Ağdam rayonu uğrunda gedən qanlı döyüşlərin birində düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verən mayor A.Davidoviç ağır yaralanır və həkimlərin səylərinə baxmayaraq, iyunun 13-də əbədi gözlərini yumur. Həmin gün hücuma keçən döyüşçülərimiz də belaruslu qardaşımızın qanını yerdə qoymurlar. Göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş A.Davidoviçin cənazəsi dəfn edilmək üçün doğma ünvanına - Belarusun Slutsk şəhərinə göndərilir.

Milli Qəhrəmanımızın şəhid olduğu vaxtdan 22 il keçir. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani Belarusun Slutsk şəhərində olub, qəhrəmanın ailə üzvləri ilə görüşmüş və məzarını ziyarət edərək önünə Müdafiə Nazirliyinin adından əklil qoyub.

Belarusun müdafiə naziri, general-leytenant Yuri Jadobin isə öz növbəsində, Azərbaycanın müdafiə naziri Z.Həsənovun bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirərək minnətdarlığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti