Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda rəsmi nikaha ilk dəfə daxil olan qadınların orta yaş həddi son iki ildə nisbətən artıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, son 23 ildə Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə, kişilər arasında 2002-2003-cü illərdə qeydə alınıb. 1990-cı ildə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, 2002-2003-cü illərdə kişilər arasında 28,6 olub.
1991-2011-cı (1990-cı il istisna olmaqla) illərdə qadınlar üçün rəsmi nikaha daxil olmağın orta yaşı 22,8-23,8 yaş, kişilər üçün 1990-2011-ci illərdə (2002 və 2003-cü illər istisna olmaqla) 27,3-28,5 yaş qeydə alınıb. Son iki ildə isə nikaha daxil olan qadınların yaşı 24, kişilər üçün 28,4 olub.
Azərbaycanda ilk nikaha girmə yaşına gəldikdə, 1990-cı ildə qadınların birinci nikaha girmə yaşı 23,2 olub. Sonrakı 9 il ərzində bu göstərici 22,3-22,9 yaş arasında dəyişib. 2000-2011-ci illər ərzində qadınların birinci nikaha girmə yaşı 23,1-23,4 yaş arasında olub.2011-ci ildə birinci rəsmi qeydə alınmış nikaha girən qadınların orta yaşı 23,4 olub, 2012-2013-cü ildə isə bu yaş 23,7-ə yüksəlib.
Azərbaycanda birinci nikaha girən kişilərin orta yaşına gəldikdə, 1990-cı ildə bu göstərici 26,2 olub. 2008-ci ilədək bu göstərici 24,2-27,6 yaş arasında dəyişib.
2008-2010-cu illərdə birinci nikaha daxil olan kişilərin orta yaşı 27, 3 olub, sonrakı illərdə isə bu göstərici əvvəlki illərlə müqayisədə bir qədər dəyişib. 2011-12-ci illərdə kişilər üçün bu yaş 27,6, 2013-ci ildə 27,7 olub.