...

Bakıda avtobus və yük maşınlarının iştirakı ilə baş vermiş qəzalarda ölən və yaralananların sayı açıqlandı

Cəmiyyət Materials 10 İyul 2014 16:58 (UTC +04:00)
Bu ilin ilk 6 ayı ərzində Bakıda ictimai nəqliyyat vasitələri və yük avtomobillərinin iştirakı ilə ümumilikdə 54 yol qəzası qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 56 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıda avtobus və yük maşınlarının iştirakı ilə baş vermiş qəzalarda ölən və yaralananların sayı açıqlandı

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Bu ilin ilk 6 ayı ərzində Bakıda ictimai nəqliyyat vasitələri və yük avtomobillərinin iştirakı ilə ümumilikdə 54 yol qəzası qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 56 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisi qeyd edib ki, 2014-cü ilin ilk 6 ayı ərzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə 27 yol-nəqliyyat baş verib. Nəticədə 5 nəfər ölüb, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Onlardan 2 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən 9 yol-nəqliyyat hadisəsi fiziki şəxslərə, 3 nəfərin ölümü, 16 nəfərin yaralanması ilə nəticələnən 18 yol-nəqliyyat hadisəsi isə hüquqi şəxslərə məxsus avtobusların sürücüləri tərəfindən törədiilib".

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobusların iştirakı ilə qeydə alınan hadisələrin sayı 8 fakt, yaralananların sayı 3 nəfər, həlak olanların sayı isə 1 nəfər azalıb.

V.Əsədov bildirib ki, hesabat dövründə yük avtomobillərinin iştirakı ilə baş vermiş 27 yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər ölüb, 27 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobillərinin iştirakı ilə baş vermiş hadisələrin sayı 17 fakt, ölənlərin sayı 4 nəfər, yaralananların sayı isə 14 nəfər azalıb.

Qeyd edək ki, 2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək Bakı şəhəri üzrə 444 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 139 nəfər həlak olub, 438 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti