...

Yay Enerji Məktəbinin iştirakçıları Bərk Məişət Tullantılarının Yandırılması zavodunda olublar

Cəmiyyət Materials 14 İyul 2014 11:57 (UTC +04:00)
Yay Enerji Məktəbinin iştirakçıları Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar
Yay Enerji Məktəbinin iştirakçıları Bərk Məişət Tullantılarının Yandırılması zavodunda olublar

Azərbaycan, Bakı, 14 iyul /Trend/

"ADA" Universitetinin Bakı Yay Enerji Məktəbinin iştirakçıları Balaxanı qəsəbəsində yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar. Müəssisədə tələbələrə zavodun fəaliyyəti barədə ətraflı məlumat verilib, onlar zavodun iş prosesi ilə əyani tanış olublar.
Bakı Yay Enerji Məktəbi "ADA" Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu il sayca 8-ci olan 2 həftəlik sertifikat proqramı qlobal və Xəzərin enerji, ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim və siyasətçilərini bir araya gətirir.
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodundakı maarifləndirici tur zamanı "Təmiz Şəhər" ASC-nin nümayəndəsi tərəfindən məlumat verilib ki, istehsal gücünə görə, zavod Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.
Tullantıların yandırılması prosesi nəticəsində indiyədək 231 milyon KVt/saata yaxın elektrik enerjisi istehsal olunub. Əldə olunmuş enerji 50 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verir. Bunu maliyyə ilə ifadə etsək, 8 milyon manata yaxın dəyərində elektrik enerjisi istehsal edib.
Bərk məişət tullantılarının yandırılması zamanı yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutulur ki, bu da ətraf mühitin çirklənməsinin qarşısını alır. Daha ağır və zərərsiz olan dib külü isə yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə məqsədilə təklif edilir. Tullantının yandırılması zamanı soyutmaq üçün istifadə olunan təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldilir. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikilməsi qərara alınmışdır. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi və Fransanın "CNİM" şirkəti arasında 2008-ci ildə "Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodu"nun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Zavod 2012-ci ildən fəaliyyət göstərir.

Mətbuat xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti