Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/
Bakıda qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinə xalça dəzgahları hədiyyə edilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində toxuculuq sahəsinin təkmilləşdirilməsi, xalçaçılıqla məşğul olan qadınların fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədilə Penitensiar xidmət "Azər-İlmə" şirkəti ilə əməkdaşlıq edir. İyulun 16-da müəssisədə şirkətin təmsilçiləri ilə məhkum qadınların görüşü təşkil edilib.
"Azər-ilmə" şirkətinin mətbu nəşri olan "Azərbaycan xalçaları" jurnalının baş redaktoru Vidadi Muradov, əməkdaşlar Tünzalə Babayeva, Faiq Əliyev və Ülviyyə Məmmədova xalçaçılıq sənəti ilə məşğul olan məhkum qadınların eskizləri ilə tanış olub, onlardan fərdi müsahibələr alıblar.
Xalçaçı qadınlara "Azərbaycan xalçaları" jurnalının yeni sayı, ilmələrlə bağlı disklər və digər ləvazimatlar təqdim olunub, "Azər-İlmə" şirkəti tərəfindən müəssisəyə əvəzsiz olaraq 3 ədəd xalça dəzgahı və onun predmetləri hədiyyə edilib.
Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov tədbirdə iştirak edib.
Qeyd edək ki, məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən tədbirlər sahəsində Penitensiar xidməti tərəfindən müəyyən irəliləyişlərə nail olunub, əvvəlki illərlə müqayisədə işlə təmin olunan məhkumların sayı xeyli dərəcədə artıb.