...

Zakir Həsənov: Arzu edirəm ki, ordu mövzusunda yazanda qələminizi süngüyə çevirəsiniz

Cəmiyyət Materials 22 İyul 2014 10:14
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Milli Mətbuat Günü münasibətilə Azərbaycanın mətbuat nümayəndələrinə təbrik ünvanlayıb.
Zakir Həsənov: Arzu edirəm ki, ordu mövzusunda yazanda qələminizi süngüyə çevirəsiniz

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Milli Mətbuat Günü münasibətilə Azərbaycanın mətbuat nümayəndələrinə təbrik ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, nazir mətbuat nümayəndələrini Milli Mətbuatımızın yaradılmasının 139 illiyi münasibətilə ürəkdən təbrik edib, hər birinə yaradıcılıq uğurları arzulayıb: "Bugünkü Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ləyaqətli varisidir.

Ulu əcdadımız Həsənbəy Zərdabinin redaktorluğu ilə qocaman "Əkinçi" XIX əsrin qaranlıq mühitində Azərbaycan oxucusunun beyninə və qəlbinə maarifçilik, Vətənpərvərlik və işıq toxumu səpdi. O zamandan başlayaraq xalqımız öz zamanına və dünyaya işıqlı gözlərlə baxmağa başladı.

"Əkinçi"dən sonra nəşr edilən qəzet və jurnalların sayı çoxaldı, nəhayət, "Molla Nəsrəddin" kimi müdrik və müqtədir bir jurnal yaranıb bütün Şərqə nur saçdı.

Arzu edirəm ki, bu gün Siz ulu sələflərimiz Həsənbəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin ruhuna və məramına layiq olasınız, müstəqil dövlətimizə və xalqımıza şərəflə xidmət edəsiniz. Böyük şairimiz Səməd Vurğun 1941-ci ilin qanlı günlərində yazırdı:

"Bu gün bir süngüdür əlimdə qələm,

Mənim bayrağıma göz dikir aləm".

Nazir həmçinin bildirib ki, bu gün Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Avropanın və dünyanın gözü üçrəngli Azərbaycan bayrağındadır. Bu bayrağın Xankəndi, Şuşa və digər işğal olunmuş şəhərlərimiz üzərində ucalacağı günü, xeyrin şər üzərində qələbə gününü gözləyir: "Arzu edirəm ki, siz ordu mövzusunda yazanda qələminizi süngüyə çevirəsiniz, hər yazınızla Silahlı Qüvvələrimizin qüdrətinin artırılması məqsədilə dövlətimizin maraqlarını qoruyaraq düşmən üzərində qələbəmizi yaxınlaşdırasınız.

Mən bu yolda Sizə yeni uğurlar, dəqiqlik, obyektivlik, ümumxalq mənafeini uca tutmaq və peşəkarlıq arzulayıram.

Siz Azərbaycan mətbuatının o xoşbəxt nəslisiniz ki, Ulu Öndər Heydər Əliyevin və onun əvəzsiz varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi dövründə yaşayıb yaradırsınız. Taleyin bu qismətinə layiq olmağınızı arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti